Azərbaycan Mərkəzi Bankı 2023-cü ildə valyuta alışı məqsədilə valyuta bazarında $2,1 milyard məbləğində intervensiyalar həyata keçirib. Bu barədə AMB-nin məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2022-ci ildə AMB valyuta bazarında əməliyyatlar çərçivəsində $2 milyard 48 milyon məbləğində xarici valyuta alıb. Beləliklə, AMB 2023-cü ildə xarici valyuta alışı məqsədilə valyuta bazarında intervensiyaları 2,4% artırıb. Bunu “İnterfaks-Azərbaycan” qeyd edir.
“2023-cü ildə Mərkəzi Bankda keçirilmiş valyuta hərracının 92%-də təklif tələbi üstələyib. Bu dövrdə manatın nominal effektiv məzənnəsi 19.3% bahalaşıb ki, bu da idxal inflyasiyasına azaldıcı təsir göstərən əsas amildir. Ümumilikdə, 2023-cü ildə Mərkəzi Bankın valyuta bazarında alışyönlü müdaxiləsinin həcmi 2.1 miyalrd ABŞ dolları olub (məzənnənin sabitliyini təmin etmək məqsədilə - İF)”, - AMB vurğulayır.
Daha öncə AMB-də bəyan ediblər ki, 2024-cü ildə bank, çox güman ki, xarici valyuta alışı məqsədilə valyuta bazarında intervensiyalar tendensiyasını saxlayacaq. “Beynəlxalq təşkilatlar 2024-cü ilə enerji qiymətləri proqnozlarını yüksək saxlamışlar.(...) Mövcud meyillərin davam etməsi halında 2024-cü ildə də Mərkəzi Bankın valyuta bazarına müdaxiləsinin alışyönlü olması ehtimalı var”, - AMB 2023-cü ilin dekabr ayında qeyd edib. **
R.Əhmədov