“AzerGold” QSC-nin Azərbaycanın şimal-qərbində 2027-ci ildə “Filizçay” polimetal yatağının işlənilməsinə başlamağı planlaşdırır. Bu barədə cəmiyyətdən məlumat verilib.
"Filizçay” yatağı öz xüsusiyyətlərinə görə unikaldır və optimal və kompleks metodoloji yanaşma tələb edir. Hazırda filiz hasilatı üçün optimal sxemlərin hazırlanmasına yönəlmiş işlər aparılır. Bunu nəzərə alaraq hesab edirik ki, bu yatağın istifadəyə verilməsi 2027-ci ilə qədər davam edəcək, çünki əldə edilmiş metalların hasilatı və satıçı məsələlərini həll etməliyik", - “İnterfaks-Azərbaycan"a "AzerGold "dan məlumat verilib.
Şirkətin məlumatına görə, “Filizçay” yatağının təsdiqlənmiş ehtiyatları 112,71 milyon ton təşkil edir. Yatağın resursları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsinin beynəlxalq təsnifat sistemi standartlarının (JORC) tələblərinə uyğun olaraq hesablanıb.
"Hazırda yataqda mövcud olan əlvan metalların (sink, qurğuşun, mis və gümüş) bir-birindən ayrılması və onların qənaət baxımından ən səmərəli formada, maksimum çıxış faizi emalı öyrənilir. Bu istiqamətdə yerli və xarici metallurglarla birgə işlər davam etdirilir", - "AzerGold" xəbər verir.
“AzerGold”un hesablamalarına görə, “Filizçay” yatağının işlənməsi dövlət büdcəsinə milyardlarla manat cəlb edəcək, mindən çox yeni iş yerinin açılması hesabına məşğulluğun artırılmasına böyük töhfə verəcək və Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafını sürətləndirəcək.
1959-cu ildə kəşf edilmiş “Filizçay” Balakən rayonunun inzibati ərazisində yerləşir və regionun ən böyük polimetal yatağıdır. Tərkibində olan filiz ehtiyatlarının həcminə görə “Filizçay” Avropanın və dünyanın ən iri polimetal yataqları siyahısında öncül yerlərdə qərarlaşıb. Yataqda mis, sink, qızıl, gümüş və qurğuşun kimi qiymətli və əlvan metallar mövcuddur. Yerin təkində mövcud olan metalların ilkin ehtimal edilən həcmi təqribən 3 milyon unsiya qızıl ekvivalentində dəyərləndirilir.
Yataq Azərbaycanda yaradılması planlaşdırılan dağ-mədən sənayesi kompleksi üçün 50 il ərzində xammal bazası ola bilər.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Hazırda “AzerGold” yerüstü işlənmə mərhələsi çərçivəsində “Çovdar” yatağından, birinci mərhələ çərçivəsində “Ağyoxuş” yatağından (2020-ci ilin noyabr ayından etibarən), eləcə də “Mərəh” yatağından (2021-ci il iyulun 23-dən) qızıl hasilatı və ixracı həyata keçirir.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.**