Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə ölkədə ÜDM-in artımını 3-3,5% səviyyəsində proqnozlaşdırır. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov çərşənbə günü mətbuat konfransında bəyan edib.
“2024-cü il üçün Azərbaycan iqtisadiyyatı ilə bağlı qiymətləndirmələrimiz müsbətdir. Xüsusilə, cari il Azərbaycanda ÜDM-in artımı 3-3,5% səviyyəsində proqnozlaşdırırıq. 2025-ci ildə ÜDM-in artım proqnozunu 3-4% həcmində müəyyən etmişik”, - Kazımov deyib,
“İnterfaks-Azərbaycan” onun sözlərinə istinad edərək xəbər verir ki, 2023-cü ilin yekunları üzrə Azərbaycanın cari əməliyyatlar balansının profisiti $9-10 milyard səviyyəsində (2023-cü ilin 9 ayının yekunları üzrə $6,7 milyard – İF) gözlənilir. “Qiymətləndirmələrimizə əsasən, 2024-2025-ci illərdə cari əməliyyatlar balansının profisiti illik $7 milyard səviyyəsində proqnozlaşdırılır”, - o əlavə edib.
2023-cü ildə Azərbaycanıda ÜDM-in artımı 1,1% təşkil edib.
Iqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2024-cü ildə Azərbaycanda ÜDM-in artımı 2,4%, 2025-ci ildə 2,9% təşkil edəcək. **
X.Nəsirzadə, A.Əzizov