Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın Bakıdakı səfiri Alim Bayel ilə görüşüb.
«Tərəflər ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika və enerji sahələrində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərini müzakirə ediblər», - Qazaxıstanın Azərbaycandakı diplomatik nümayəndəliyi məlumat verib.
Görüşdə dövlət başçılarının qarşılıqlı səfərlərinin, həmçinin Qazaxıstan baş nazirinin 2023-cü ildə Azərbaycana rəsmi səfərinin ikitərəfli kooperasiyanın inkişafına təkan verdiyi vurğulanıb.
Bayel ölkələr arasında ticarət dövriyyəsinin artması tendensiyasını qeyd edib və onun qorunmasının vacibliyinə diqqət çəkib.
Cabbarov öz növbəsində vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlıq siyasi əməkdaşlıqdan geri qalmamalıdır. Bu kontekstdə o, həm iki ölkə, həm də bütün region üçün böyük geoiqtisadi əhəmiyyəti olan birgə layihələrin həyata keçirilməsini yüksək qiymətləndirib. Tranxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM) infrastruktur və logistika layihələrinin həyata keçirilməsinə, Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinə, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi işlərinin aparılmasına, habelə Xəzərin dibi ilə dərin dəniz elektrik kabelin çəkilməsi ilə bağlı əldə edilən razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
"Tərəflər yalnız iki ölkədə deyil, xaricdə də birgə layihələrin həyata keçirilməsində, Qazaxıstan taxılının Azərbaycana ixracının artırılmasında və Azərbaycan meyvə-tərəvəz məhsullarının Qazaxıstana tədarükündə qarşılıqlı maraqlı olduqlarını bildiriblər. O cümlədən, iqtisadi əməkdaşlığın dərinləşməsinə yönəlmiş yeni təşəbbüslər müzakirə olunub”, - səfirliyin məlumatında vurğulanıb.
2023-cü ilin 11 ayının yekunlarına əsasən Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 19% artıb. 2023-cü ildə Orta dəhliz (TBNM) ilə daşımalar 2,76 mln. tonu keçərək 65% artıb. **
R.Əhmədov