“Azərkosmos” ASC 2023-cü ildə peyklərin kommersiya istismarından $19,8 milyon məbləğində gəlir əldə edib. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir
Xəbər verildiyi kimi, 2022-ci ildə “Azərkosmos” ASC peyklərin kommersiya istismarından $26,6 milyon məbləğində gəlir əldə edib. Beləliklə, 2023-cü il ərzində bu gəlirlərin həcmi 25,6% azalıb.
Həmçinin, gəlirlərin 78%-i telekommunikasiya və optik peyk xidmətlərinin paylna düşüb. Hesabat dövründə cəmiyyətin xidmətlərinin əsas həcmi Böyük Britaniya ($5,8 milyon, Lüksemburq ($4,1 milyon), BƏƏ ($1,6 milyon), Almaniya ($1 milyon) və Nigeriyanın ($724,9 min) payına düşüb.
Dekabrda “Azərkosmos” 45 ölkəyə $1,8 milyon dəyərində bu xidmətləri ixrac edib.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 2023-cü ilin aprel ayında istismar müddətindən 1 il daha tez missiyasını başa çatdırıb.
“Azerspace-2” peyki 2018-ci ilin sentyabr ayında Kuru kosmodromundan orbitə buraxılıb. **
X.Nəsirzadə