2023-cü ildə Azərbaycanın 20 iri dövlət və özəl şirkəti tərəfindən qeyri-neft məhsullarının ümumi ixrac həcmi $1 milyard 921,04 milyon təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, 2023-cü ildə dövlət şirkətləri arasında “Azərenerji” ASC ($401,5 milyon), özəl şirkətlər arasında isə fiziki şəxs Şirinov Elvin Valeh oğlu ($128,2 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında aşağıdakı şirkətlər də təmsil olunur: SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($374,3 milyon), “SOCAR Polymer” MMC ($296,7 milyon), “Azəralüminium” MMC ($128,3 milyon), “AzerGold” QSC ($123,6 milyon), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ($22,2 milyon), “Azərbaycan Hava Yolları” QSC ($19,4 milyon), “Azəripək” MMC ($1,8 milyon), “Azərbaycan Dəmir Yolları” QSC ($1,3 milyon), Naxçıvan MR Dövlət Energetika Xidməti ($0,94 milyon).
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə “MKT İstehsalat Kommersiya” MMC ($88,8 milyon), “Baku Steel Company” MMC ($63 milyon), Azerbaijan International Mining Company ($59,2 milyon), “Best Logistik” MMC ($44,4 milyon), “My Fruit” MMC ($38,9 milyon), “STP Global Cable” MMC ($35,8 milyon), “P-Aqro” MMC ($33,4 milyon), fiziki şəxs Muradova Sahibə Səlimət qızı ($31,4 milyon) və “Mors Trading” MMC ($27,9 milyon) daxildir.
Azərbaycan 2023-cü ildə $3,3 milyard məbləğində qeyri-neft məhsulları (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 9,8%) ixrac edib.**
N.Abbasova