2023-cü ilin yekunları üzrə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $3,3 milyard təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 9,8% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
İxracın strukturunda əsas həcm elektrik enerjisi ($402,5 milyon, artım 3,3 dəfə), qızıl ($162,8 milyon, azalma 12%), pomidor ($162 milyon, azalma 3,3%), xurma ($127,2 milyon, artım 12,2%), pambıq mahlıcı ($122,4 milyon, azalma 29,5%), meşə fındığı ($119,6 milyon, artım 12,5%), ilkin formalı polipropilen ($109,9 milyon, artım 20,2%), ilkin formalı propilen sopolimerləri ($93,6 milyon, artım 1,9 dəfə) və xüsusi kütləsi 0,94% olan ilkin formalı polietilenin ($92 milyon, artım 67,6%) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($1,1 milyard, artım 18,5%), Türkiyə ($783,9 milyon, artım 9,9%), Gürcüstan ($332,5 milyon, artım 45,6%), İsveçrə ($175,3 milyon, azalma 11,7%) və Qazaxıstan ($95 milyon, azalma 7,5%) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 33,3%-i Rusiyanın, 23,8%-i Türkiyənin payına düşüb.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5,3 milyarda qədər artacaq.**
B.Rüstəmbəyov