“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” (SGC) QSC-nin avrobondlarının xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiqləyib. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə agentliyin məlumatında deyilir.
“Reytinqin təsdiqlənməsi CQD-nin Azərbaycan hökumətinin tam zəmanəti ilə buraxılan və tədavülü 2026-cı ildə başa çatacaq $2 milyard dəyərində olan avrobondları (avrobondların 2 emissiyası çərçivəsində) üzrə “Fitch”in dəyişməz mövqeyini əks etdirir. Reytinq Azərbaycanın istiqraz sahiblərinə verilmiş zəmanətləri tam və vaxtında yerinə yetirmək öhdəliyini əks etdirir”, - deyə məlumatda bildirilir.
“Fitch” qeyd edir ki, Azərbaycan zəmanətlərinin icrası üçün 2016-2023-cü illərdə dövlət büdcəsində ehtiyatlar nəzərdə tutub. Agentlik bu tendensiyanın növbəti illərdə də davam edəcəyini gözləyir.
“Fitch” CQD rəhbərliyinin proqnozlarına istinadla vurğulayır ki, artıq bütün layihələrin istismara verilməsi ilə əlaqədar 2024-cü ildə SGC-nin pul vəsaitlərinə ümumi tələbatı “Şahdəniz”, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP layihələrindən daxilolmalar, eləcə də yığılmış vəsaitlər hesabına tam təmin ediləcək.
“Fitch”in məlumatına görə, CQD layihəsinin maliyyələşdirilməsi $2,4 milyard həcmində kapital qoyuluşu da daxil olmaqla ümumilikdə $6,4 milyard həcmində cəlb edilmiş borc və dövlət vəsaiti hesabına baş tutub.
2020-2023-cü illərdə “Cənub Qaz Dəhlizi” heç bir yeni borc götürməyib, 2023-cü ilin sonuna borc ehtiyatının təxminən 72%-ni Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) buraxdığı istiqrazlar, 28%-ni isə beynəlxalq maliyyə institutlarının borc və təminatları təşkil edib.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $33 milyard təşkil edib.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Azərbaycan qazının Avropaya ixracına 2020-ci il dekabrın 31-də başlanılıb. 2023-cü ildə ixracın həcmi 11,8 milyard kubmetr təşkil edib.
Hazırda Azərbaycan Avropanın 6 ölkəsinə - İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiyaya qaz tədarükü haqqında müqavilələrə malikdir.
2027-ci ilədək Azərbaycan qazının Avropaya ixrac həcmi ən azı 20 milyard kubmetrə çatmalıdır.*
A.Əzizov