Prezident İlham Əliyev Fransanı Cənubi Qafqazda geosiyasi intriqalarda ittiham edərək Parisin regionda mövqeyini gücləndirmək cəhdlərinin əbəs olduğunu bildirib.
“Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir, Ermənistanın militarizasiyası siyasətini aparır, geosiyasi intriqaların təşəbbüskarıdır”, - deyə dövlət başçısı fevralın 1-də Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edərkən bildirib.
O qeyd edib ki, regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olan Paris müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürüdür.
Dövlət başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğulayıb.*
X.Nəsirzadə