İşğaldan azad edilmiş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzur - İF) mühəndis-istehkam bölmələri tərəfindən 36 min hektaradək ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu barədə cümə günü Müdafiə Nazirliyi məlumat verib.
Məlumata görə, ümumilikdə 10 400 piyada əleyhinə mina, 3300 tank əleyhinə mina, 11 850 partlamamış döyüş sursatı aşkarlanıb.
Nazirlikdən əlavə olunub ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra 480 km-ə qədər təmas xətti boyu 2 km dərinliyində ərazilər, o cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 km-ə yaxın ərazi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən minalanıb. Qarabağ iqtisadi rayonunda minalar əsasən yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxınlaşma istiqamətlərində, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə də magistral yolların üzərində basdırılıb. **
R.Kərimov