Cümə günü MDB Müşahidəçilər Missiyası 7 fevral 2024-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərinə hazırlığın monitorinqinin nəticələrinə dair aralıq hesabat dərc edib.
“İnterfaks-Azərbaycan”ın əldə etdiyi hesdabata əsasən, Müşahidəçilər Missiyası (169 nəfərdən ibarət) 2024-cü il 17 yanvardan etibarən seçkilərə hazırlığın monitorinqini həyata keçirir.
Hesabatda qeyd olunur ki, MDB müşahidəçiləri MSK, Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə seçki kampaniyasının gedişatını müzakirə edib. Bütün prezidentliyə namizədlərin təşviqat qərargahının nümayəndələri ilə görüşlər keçirilib.
Missiyanın qiymətləndirmələrinə görə, hər səviyyədə seçki komissiyaları seçkilərin mütəşəkkil və dəqiq şəkildə ölkə qanunvericiliyinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görürlər.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə iştirak etmək üçün siyahılara 6,3 milyondan çox seçici daxil edilib.
"MDB müşahidəçiləri qeyd edirlər ki, Prezidentliyə namizədlərin irəli sürülməsi və qeydiyyatı Azərbaycan qanunvericiliyinin tələblərinə cavab verib. 7 namizədin seçki kampaniyasında iştirakı onun rəqabət və siyasi plüralizm şərtləri ilə keçirildiyini göstərir", - hesabatda vurğulanıb.
Missiya qeyd edir ki, namizədlərin təşviqat kampaniyası sakit və mütəşəkkil şəkildə, seçki qanunvericiliyinin tələblərinə ciddi şəkildə uyğun olaraq keçirilir. MDB müşahidəçilərinin rəyinə görə, namizədlərin seçkiqabağı təşviqat aparmaq üçün bərabər şərait yaradılıb.
Missiya öz son nəticələrini və qiymətləndirmələrini Azərbaycan Prezidentinin növbədənkənar seçkilərinin hazırlanması və keçirilməsinin monitorinqinin nəticələrinə dair yekun sənəddə əks etdirəcək. **
R.Əhmədov