Cümə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşüb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Qeyd olunub ki, görüş zamanı iki ölkə arasında qarşılıqlı səfərlərin, davamlı siyasi dialoqun, həmçinin parlamentlərarası əməkdaşlığın önəmini vurğulayıb və ikitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji, yaşıl iqtisadiyyat, turizm, kənd təsərrüfatı, təhsil, qarşılıqlı sərmayə qoyuluşu və digər istiqamətlər üzrə əməkdaşlıq perspektivlərinin mövcudluğu vurğulanıb.
Bayramov bəyan edib ki, “Azərbaycan Aİ və üzv dövlətlərin etibarlı tərəfdaşıdır, ölkəmizə qarşı ikili standartların tətbiqinin və ədalətsiz yanaşmanın sərgilənməsi regionda dayanıqlı sülhün qurulmasına töhfə vermir”. Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsü dialoqa xidmət etmir.
Nazir “Azərbaycan və Ermənistan arasında 30 ildən sonra ilk dəfə olaraq sülh üçün real şərait yarandığını, Aİ və bəzi üzv dövlətləri tərəfindən hər hansı ad altında Ermənistana hərbi yardım göstərilməsinin və ya Ermənistana havadarlıq etməklə sülh prosesindən yayındırılmasının Cənubi Qafqaz regionunda dayanıqlı sülhün qurulmasına xələl gətirəcəyini” vurğulayıb.
Görüşdə iki ölkə arasında gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb. **
R.Kərimov