Beynəlxalq ictimaiyyətin yekdil mövqeyi ilə COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə etimadın və hörmətin təzahürüdür. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Azərbaycan tərəfi bu tədbirin uğurla keçirilməsi üçün bu təşkilatla və bütün BMT ailəsi ilə yaxından əməkdaşlıq etməyə hazırdır”, - Əliyev cümə günü BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stili qəbul edərkən bildirib.
Həmçinin, prezident Azərbaycanın beynəlxalq tədbirlərin təşkili üzrə zəngin təcrübəsinin olduğunu vurğulayıb.
“COP29 ölkəmizdə keçirilən və ümumiyyətlə dünyada miqyasına görə ən çox iştirakçının qatıldığı tədbirlərdən biri olacaq.Azərbaycan tərəfindən həm təşkilati, həm də tədbirin mahiyyəti nöqteyi-nəzərindən bütün zəruri addımlar atılır və bu baxımdan ölkəmiz beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı yüksək qiymətləndirir”, - Əliyev vurğulayıb.
O, həmçinin qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi barədə qərar regional sülh gündəliyinin irəliyə aparılması kontekstində əldə edilib və bu da ümumiyyətlə COP-un tarixində yeni bir inkişafdır.
O cümlədən, Əliyev COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin yaşıl enerjiyə keçid istiqamətində səylərinə və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığının daha da inkişafına təkan verəcəyinə əminliyini bildirdi.
Öz növbəsində, Stil bildirib ki, təmsil etdiyi təşkilatın heyətinin COP-un keçirilməsi üzrə zəngin təcrübəsini nəzərə alaraq BMT ailəsi olaraq Azərbaycanı dəstəkləməyə və təcrübələrini bölüşməyə hazırdırlar. **
X.Nəsirzadə