Fransa və Hindistan Ermənistanın silah alışı üzrə əsas tərəfdaşları olub. Bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan bəyan edib.
Ermənistan «müxtəlif böyük super güclər və digər dost ölkələr səviyyəsində yeni tərəfdaşlar əldə edib», - Papikyan cümə günü Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib. «İlk növbədə, söhbət əsas tərəfdaşlarımıza çevrilən Fransa və Hindistandan gedir, lakin hələ danışmaq istəmədiyimiz başqa ölkələr də var», - o qeyd edib.
"2022-ci il sentyabr hadisələrindən sonra, mövcud bazarların, imkanların (Rusiya silahlarının alınması - İF) bizim üçün bağlandığı məlum olduqda, biz silah və silahlanma alışının şaxələndirilməsini təmin etmək məsələsini ortaya qoyduq. Bu istiqamətdə böyük irəliləyiş və uğurlarımız var. Və başlanğıc prosesin müsbət mənada geriyə dönüşü yoxdur", - nazir deyib.
Onun sözlərinə görə, silahların alınması ilə bağlı mövcud yeni müqavilələr «ordunun sabahkı keyfiyyətini və silahlanmanın keyfiyyətini dəyişəcək». **