Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsi layihəsi 2024-cü ildə baa çatacaq. Bu barədə Gürcüstan hökumətinin proqramında deyilir.
Hazırda Gürcüstan ərazisində bu hissənin genişləndirilməsi işləri aparılır.
«Bu, Asiya ilə Avropa arasında yüklərin daşınması vaxtını xeyli azaltmağa imkan yaradacaq, bu da ölkə vasitəsilə əlavə yük axınlarının cəlb edilməsinin zəruri şərtidir», - «İnterfaks-Azərbaycan» Gürcüstan mətbuatına istinadən xəbər verir.
Daha öncə məlumat verilib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi üzrə işlər həmin yol ilə daşınan yüklərin həcminin 5 milyon tona qədər artırılmasına (hazırda bu rəqəm ildə 1 milyon tondur – İF) imkan verəcək.
Azərbaycan BTQ-nin Gürcüstan hissəsinin genişləndirilməsi layihəsinə $100 milyondan çox sərmayə yatıracaq.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci il oktyabr ayının 30-da istismara verilib. Layihə çərçivəsində 68 kilometri Türkiyə və 30 kilometri Gürcüstanda olmaqla Qars və Axalkalaki arasında 98 km uzunluğunda dəmir yolu xətti çəkilib, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsi yenidən qurulub. Magistralın Gürcüstan hissəsindəki işlər bu ölkəyə ümumilikdə $775 milyon məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir.
BTQ-nin ümumi uzunluğu 826 kilometrdir.**
R.Əhmədov