“Azərsığorta” şirkətinin könüllü ləğvi ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) nümayəndələrindən ibarət ləğvetmə komissiyası yaradılacaq və sığorta fəaliyyəti üzrə şirkətə verilmiş lisenziyasının ləğvi üçün Mərkəzi Banka müraciət ediləcək.
“İnterfaks-Azərbaycan” Maliyyə Nazirliyi və AİH-nin birgə bəyanatına istinadən xəbər verir ki, Şirkətin menecmenti tərəfindən Şirkətin Direktorlar Şurasına və Azərbaycan İnvestisiya Holdinqinə (AİH) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq şirkətin könüllü qaydada ləğv edilməsi barədə müraciət olunub. Həmin müraciət AİH və Şirkətin Direktorlar Şurası tərəfindən təhlil edilərək dəstəklənib və AİH-nin Müşahidə Şurasına təqdim olunub.
Şirkətin menecmenti səbəb olaraq qeyd edir ki, Şirkətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılsa da onun olduqca yüksək rəqabət mühiti ilə xarakterizə olunan daxili sığorta bazarında xüsusi çəkisi azalıb, özəl sığorta şirkətlərinə münasibətdə xüsusi üstünlüklərə malik olmaması səbəbindən rentabelli fəaliyyətinin təmin edilməsi mümkün olmayıb, Nəticədə, Şirkətin təsisçisi olan dövlətin maliyyə itkilərilə qarşılaşması riskləri artıb.
Maliyyə Nazirliyi və AİH qeyd edir ki, qarşıdakı dövrdə ləğvetmə prosesi çərçivəsində Şirkətin mövcud sığorta portfeli üzrə bildirilən sığorta iddiaları operativ şəkildə tənzimlənəcək, kreditorlar qarşısında bütün öhdəliklər təmin ediləcək. «Şirkətin ləğv edilməsi öz vəsaitləri və təkrarsığorta təminatları hesabına tam təmin ediləcək və dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaranmayacaq”, - birgə bəyanatda vurğulanır.
Xəbər verildiyi kimi, 31 yanvar 2024-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) ləğv edilməsi barədə fərman imzalayıb.
“Azərsığorta” 1991-ci ildə yaradılıb. Nizamanmə kapitalı 9 milyon manata bərabərdir.
2023-cü ilin yekunları üzrə şirkətin sığorta haqları 28,86 milyon manat (haqların həcminə görə 7-ci yer), ödənişləri – 16,65 milyon manat (haqların həcminə görə 5-ci yer) təşkil edib. **
R.Əhmədov