Prezident İlham Əliyev fevralın 5-də “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam imzalayıb.
Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Əmək pensiyalarının (maddi yardımlar və qulluq stajına görə əmək pensiyasına əlavələr daxil olmaqla) sığorta hissəsinin indeksləşdirilməsi 2023-cü ildə orta aylıq nominal əməkhaqqının artım tempinə, pensiya kapitalının indeksləşdirilməsi isə 2023-cü il üzrə inflyasiyaya (8,8% - İF) uyğun olaraq həyata keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır. Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.
2024-cü il yanvarın 1-nə Azərbaycanda orta aylıq pensiya məbləği 436 manat təşkil edib.*
N.Abbasova