Ermənistanda konstitusiya islahatının aparılması Azərbaycanla sülh prosesini yekunlaşdırmaq üçün lazımi zəmin yaradacaq. Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov belə hesab edir.
A.Ağacanov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl ölkədə yeni konstitusiyanın qəbul edilməsinin vacibliyini bəyan edib.
“Paşinyanın Ermənistanda konstitusiya islahatı mövzusunun müzakirə olunması təşəbbüsü ilə çıxış etməsi düzgün addımdır, çünki bu sənəd indiki formada həm də qonşu Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasında bir çox problemlər yaradır”, - deyə A.Ağacanov qeyd edib.
Onun sözlərinə görə, Ermənistan konstitusiyasının preambulasında Azərbaycanın Qarabağ bölgəsinə aid bənd var və bu bənd əsas qanundan mütləq çıxarılmalıdır.
“Yeni konstitusiyanın qəbul edilməsi ilə Ermənistan Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətlərini bərpa etmək, bu ölkələrlə sərhədləri açmaq, iqtisadiyyatın bərpası və normal inkişafa imkan yaratmaq şansı əldə edəcək”, - deyə Qarabağ Erməniləri Hərəkatının rəhbəri vurğulayıb.
A.Ağacanov hesab edir ki, Ermənistanda konstitusiya islahatının aparılması daha çox Paşinyanın və onun parlamentdəki fraksiyasının mövqeyindən asılıdır. “Doğrudur, Ermənistan hakimiyyətinin konstitusiya referendumunun keçirilməsi ilə bağlı qərar verməsi bir qədər çətindir. Lakin İrəvan çox vaxt etdiyi kimi danışıqların imitasiyası ilə məşğul olmaq yerinə Azərbaycanla sülh prosesini başa çatdırmaq istəyirsə, bu qaçılmazdır. Ermənistan cəmiyyəti düzgün seçim etməlidir, bu seçim isə yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyini özündə ehtiva edir”, - deyə o əlavə edib.*
R.Əhmədov