Fevralın 5-də Bakıda Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MDB-nin baş katibi Sergey Lebedevlə görüşüb.
“Tərəflər 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan RespublikasıPrezidenti seçkilərinə hazırlıqla bağlı məsələləri müzakirə ediblər”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi MDB İcraiyyə Komitəsinə istinadən bildirib.
“Missiyanın qərargahı Mərkəzi Seçki Komissiyası ilə konstruktiv əməkdaşlıq edir. Mütəmadi keçirilən görüşlər, Mərkəzi Seçki Komissiyasından bütün lazımi məlumatların alınması - bütün bunlar işin açıq xarakterinə dəlalət edir. MDB müşahidə missiyası Mərkəzi Seçki Komissiyasının sədrlərin, katiblərin, dairə və məntəqə seçki komissiyalarının üzvlərinin təlimi istiqamətində gördüyü işləri müsbət qiymətləndirir”, - deyə S.Lebedev bildirib.
Seçki kampaniyasının monitorinqi çərçivəsində MDB-dən olan uzunmüddətli müşahidəçilər Azərbaycanın 20 şəhər və rayonunda olublar.
S.Lebedev vurğulayıb ki, missiyanın qiymətləndirmələri yalnız şəxsi müşahidələrə, rəsmi məlumatlara, seçkilərə hazırlığı və keçirilməsini təmin edən seçki komissiyaları və dövlət idarəetmə orqanları tərəfindən təqdim edilən faktiki materiala, eləcə də seçki prosesinin iştirakçıları ilə şəxsi görüşlər nəticəsində əldə edilmiş məlumatlara əsaslanacaq.
Öz növbəsində, M.Pənahov növbədənkənar prezident seçkilərinə hazırlığın gedişi barədə məlumat verib və MDB müşahidə missiyasının üzvlərinin suallarını cavablandırıb.
Missiya nümayəndələri seçki günü Azərbaycanın bir çox şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında seçki məntəqələrinə baş çəkməyi planlaşdırırlar. Onlar səsvermənin bütün mərhələlərini (seçki məntəqələrinin açılmasından məntəqə seçki komissiyalarının səsverməni yekunlaşdırmasına qədər) müşahidə edəcəklər.
MDB müşahidə missiyasının nəticələri fevralın 8-də keçiriləcək mətbuat konfransında açıqlanacaq.*
R.Əhmədov