Çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin (7 fevral 2024-cü ildə - İF) müşahidəsi ilə bağlı ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.
“İnterfaks-Azərbaycan” Xarici İlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və TDT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, ölkəmizdə keçiriləcək Prezident seçkilərinə hazırlıq işləri müzakirə olunub.
Bayramov prosesin şəffaflığının müşahidəsi baxımından regional və beynəlxalq təşkilatların, o cümlədən TDT-nin müşahidəçi qismində aktiv iştirakının təqdirəlayiq olduğunu bildirib.
Ömüralıyev öz növbəsində TDT çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi, Təşkilatın gücləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
“Bu istiqamətdə, son dövrlərdə üzv ölkələr arasında təmasların artmasının mövcud əməkdaşlıq imkanlarından səmərəli istifadə üçün şərait yaratdığı bildirilib”, - məlumatda deyilir.
O cümlədən, Ömüralıyev keçiriləcək seçkilərin nəticələrinin Azərbaycanın inkişaf və rifahına xidmət edəcəyinə əmin olduğunu bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikr mübadiləsi aparılıb. **
X.Nəsirzadə