Norveçin “Equinor” şirkəti Azərbaycandakı aktivlərinin SOCAR-a satışı ilə bağlı sövdələşməni 2024-cü ildə başa çatdırmağı planlaşdırır.
“Sövdələşmənin 2024-cü il ərzində başa çatdırılması gözlənilir”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi şirkətin 2023-cü ilin IV rübü üzrə hesabatına istinadən bildirir.
Şirkətin məlumatına görə, IV rübdə “Equinor” Azərbaycandakı layihələrdən planlaşdırılan çıxışı ilə əlaqədar $310 milyon məbləğində zərər etdiyini bildirib.
22 dekabr 2023-cü il tarixində Bakıda SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli”, “Qarabağ” yataqları, həmçinin Bakı–Tbilisi–Ceyhan layihələri üzrə “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb. İştirak paylarının alqı-satqısına qədər “Equinor” AÇG neft yataqlarında 7.27%, BTC boru kəmərində 8,71%, “Qarabağ” yatağında isə 50% iştirak payına malik olub. SOCAR-ın iştirak payı isə AÇG-də 25%, BTC-də 25%, “Qarabağ” yatağında 50% təşkil edib.*
R.Kərimov