Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda prezident seçkilərindən sonra Bakı və İrəvan arasında sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib.
Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə fevralın 7-də keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik məktubunda Əliyevin prezident postuna təkrar seçilməsini “təkcə ölkələrimiz arasındakı bənzərsiz münasibətlər baxımından deyil, bölgəmizin uzun illərdir ehtiyac duyduğu sülh və sabitliyin bərqərar olması baxımından da böyük bir nailiyyət olduğunu” qeyd edib.
“Bu baxımdan müzəffər lider kimi seçkiləri uğurla başa vurmağınızdan sonra böyük əmək sərf etdiyiniz Ermənistanla müzakirələrin də sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə ümid edirəm”, - Azərbaycan prezidentinin saytında dərc olunan məktubda deyilir.
Xəbər verildiyi kimi, “еxit-poll”un nəticələrinə əsasən, Əliyev 2024-cü il fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində 92-94% səs toplayıb.
MSK seçkilər üzrə rəsmi məlumatları yaxın zamanda elan etməıyi planlaşdırır. **
R.Kərimov