Çin Xalq Respublikasının sədri Si Cinpin prezident İlham Əliyevi növbədənkənar prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Çin hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırıram. Əminəm ki, Azərbaycan Sizin rəhbərliyinizlə bütün dövlət quruculuğu təşəbbüslərində yeni nailiyyətlər əldə edəcək”, - Çin liderinin Azərbaycan prezidentinin saytında dərc olunmuş təbrikdə deyilir.
Si Cinpin vurğulayıb ki, son illər Çin-Azərbaycan münasibətləri öz inkişafının nümunəvi və sabit olması ilə fərqlənir. “Yüksək səviyyəli siyasi etimad mühiti yaranır, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə həyata keçirilməsində irəliləyiş, beynəlxalq münasibətlərdə sıx qarşılıqlı fəaliyyət müşahidə olunur. Mən Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm, bizim işgüzar münasibətlərimizi və şəxsi dostluğumuzu yüksək qiymətləndirirəm. Sizinlə birlikdə ikitərəfli münasibətlərin inkişafı və bütün sahələrdə əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsində birgə səylər göstərməyə hazıram”, - “İnterfaks-Azərbaycan” təbrikin mətnindən sitat gətirir. **
B.Rüstəmbəyov