Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycan prezdenti İlham Əliyevi 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
“Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib, prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin hərtərəfli inkişafı və tərəqqisi naminə fəaliyyətində uğurlar arzulayıb”, - Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.
Tokayev Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə böyük uğurlar qazanmasının və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinin önəmini qeyd edib.
Prezident Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
“Dövlət başçıları Azərbaycan-Qazaxıstan dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə edərək əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar”, - məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. MSK-nın məlumatına görə, məntəqələrin 93,3%-nin nəticələrinə əsasən, Azərbaycanda növbədənkənar prezident seçkilərində Əliyev səslərin 92,05%-ni toplayıb. **
N.Abbasova