MDB müşahidəçilər missiyasının rəhbəri, təşkilatın baş katibi Sergey Lebedev bildirib ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri rəqabət mühitində keçirilib.
«MDB müşahidəçilər missiyası belə nəticəyə gəlir ki, seçkilər (Azərbaycanda - İF) Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə tam uyğun olaraq keçirilib», - Lebedev cümə axşamı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda prezident seçkiləri «rəqabətli və alternativ» olub. «Təcrübəli siyasətçi olan namizədlər öz proqramlarını sərbəst şəkildə ifadə etmək imkanı əldə ediblər», - o qeyd edib.
Lebedev əlavə edib ki, seçkilərdə yüksək fəallıq və seçki komissiyası üzvlərinin dəqiq mütəşəkkil işləri missiyanı təsirləndirib.
«Biz həmçinin seçicilərlə söhbət zamanı onların ruh yüksəkliyinə diqqət yetirdik», - missiya rəhbəri əlavə edib.
Xəbər verildiyi kimi, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. MSK-nın məlumatına görə, məntəqələrin 93,3%-nin nəticələrinə əsasən, Azərbaycanda növbədənkənar prezident seçkilərində Əliyev səslərin 92,05%-ni toplayıb. Seçkilərdə fəallıq 76,73% təşkil edib. **
R.Kərimov