Cümə axşamı Azərbaycan və RF prezidentləri İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub. Rusiya lideri Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat verir.
“Fevralın 8-də Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə zəng edib. Vladimir Putin İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb”, - məlumatda deyilir.
Əliyev göstərilən diqqətə və təbrikə görə Putinə minnətdarlığını ifadə edib.
“Dövlət başçıları müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər”,- məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. MSK-nın məlumatına görə, məntəqələrin 93,3%-nin nəticələrinə əsasən, Azərbaycanda növbədənkənar prezident seçkilərində Əliyev səslərin 92,05%-ni toplayıb. Seçkilərdə fəallıq 76,73% təşkil edib. **
R.Əhmədov