Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycanda növbədənkənar prezident seçkilərində qələbəsi münasibətilə İlham Əliyevi təbrik edib.
“İlham Əliyevi yeni müddətə Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edirəm. Sizə Azərbaycan xalqının rifahı naminə gələcəkdə uğurlu və səmərəli fəaliyyət arzulayıram. Mən dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı qaydada dəstəyəklənməsini yüksək qiymətləndirirəm”, - Zelenski “X” sosial şəbəkəsində yazıb.
Ukrayna prezidenti humanitar və digər yardımlara görə Əliyevə minnətdarlığını bildirib.
“Prezident Əliyevlə şəxsi konstruktiv və etimadlı münasibətləri, razılaşmaların yerinə yetirilməsini və komandalarımız arasında səmərəli qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirirəm. Əminəm ki, Ukrayna və Azərbaycan arasında strateji münasibətlər yalnız möhkəmlənəcək”, - Zelelnski qeyd edib.
Xəbər verildiyi kimi, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. MSK-nın məlumatına görə, məntəqələrin 93,3%-nin nəticələrinə əsasən, Azərbaycanda növbədənkənar prezident seçkilərində Əliyev səslərin 92,05%-ni toplayıb. Seçkilərdə fəallıq 76,73% təşkil edib. **
N.Abbasova