Cümə axşamı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan liderinin Mətbuat Xidməti məlumat verir.
“Mişel fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş seçkilərdə qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib və yeni mandatın icrasında dövlətimizin başçısına uğurlar arzulayıb”, - məlumatda deyilir.
Telefon danışığı əsnasında Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri, xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub.
Mişel nəqliyyat və bağlantılar sahəsində Avropa İttifaqının region ölkələri ilə əlaqələri inkişaf etdirmək üçün konkret layihələrlə çıxış etdiyini vurğulayıb.
Tərəflər COP29-un Azərbaycanda keçirilməsi və bu çərçivədə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə də toxunublar.
Bundan başqa, Mişel üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı Əliyevdən mövqeyini bildirməsini xahiş edib.
“Əliyev Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini bildirib”, - məlumatda qeyd olunur.
Söhbət zamanı Ermənistanla Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb. **
X.Nəsirzadə