Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin müşahidəsi məqsədilə Bakıda səfərdə olan Braziliya Federal Senatında Braziliya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Senator Nelsinyo Tradı qəbul edib.
“İnterfaks-Azərbaycan” XİN-ə istinadən xəbər verir ki, Azərbaycan və Braziliya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri, artan siyasi təmaslar və ikitərəfli məsləhətləşmələr mexanizmi üzrə planlar müzakirə olunub.
“Bayramov və Trad Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun növbəti görüşünə hazırlığın əhəmiyyətini diqqətə çatdırıblar”, - məlumatda qeyd olunur.
Görüşdə həmçinin bu il Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli əlaqələrin inkişafı, habelə COP30-u keçirən ölkə kimi Braziliya ilə əlaqələndirmə işlərinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **
X.Nəsirzadə