“BP-Azerbaijan” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağında qazılan “SDX-8” kəşfiyyat quyusundan əldə olunan məlumatların analizinə başlayıb. Bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Cim O’Liri deyib.
“Quyu ötən ilin dekabrında uğurla 7 min metr layihə dərinliyinə çatdırılıb. Mürəkkəb bir quyu idi. Lakin biz onu çox səmərəli və təhlükəsiz şəkildə layihə dərinliyinə çatdırdıq. Əldə olunan nəticələrin analizi və emalı üçün quyu müvəqqəti olaraq bağlanılıb”, - deyə o, bu gün jurnalistlərə açıqlamasında bildirib.
Vitse-prezident qeyd edib ki, analizin nəticələrinə əsasən həmin quyudan necə istifadə olunacağı və ümumiyyətlə gələcək planlarla bağlı qərar veriləcək.
“Dərinliyi 7 min metr olan bu cür mürəkkəb quyulardan alınan məlumatların analizi çox vaxt aparır. Quyudan alınan məlumatların emal olunduğu müddətdə “Heydər Əliyev” yarımdalma qazma qurğusu “Şahdəniz” yatağında həyata keçirilən digər işlərə cəlb olunacaq”, - deyə C.O’Liri əlavə edib.
Onun sözlərinə görə, şirkət 2024-cü ildə “Şahdəniz” yatağında 3 hasilat quyusu qazmağı planlaşdırır.
“Uğurlu olacağı təqdirdə “SDX-8” quyusu yatağın şərq cinahında hazırda istismarda olan məhsuldar layların altındakı daha dərin horizontların qazma xüsusiyyətləri, hasilat imkanları və qaz ehtiyatları potensialı haqqında daha aydın təsəvvür yaradacaq.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC-dir (21,02%).
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir. “Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.*
N.Abbasova