“BP-Azerbaijan” şirkəti 2024-cü ildə “Azəri-Çıraq-Günəşli” yataqları blokunda 12 hasilat quyusu qazmağı planlaşdırır. Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Cim O’Liri deyib.
“2024-cü ildə AÇG blokunda 18 quyunun, o cümlədən 12 hasilat, 3 su injektor, 2 qaz injektor və “deep-gas” layihəsi çərçivəsində 1 quyunun qazılması planlaşdırılır”, - deyə o, bu gün Bakıda keçirilən “IADS Drilling Caspian” konfransında bildirib.
Vitse-prezidentin sözlərinə görə, 2023-cü ildə şirkət tərəfindən AÇG blokunda 9-u istismar quyusu olmaqla 17 quyu qazılıb.
“Qazma işlərinin həcmi ilbəil artacaq. Hazırda blokda qabaqcıl texnologiyalardan istifadə olunmaqla böyük geoloji kəşfiyyat işləri aparılır. Ancaq burada əsas problem odur ki, “Azəri-Çıraq-Günəşli” yataqları artıq yaşlanır. Biz problemli quyuları yenidən bərpa etməliyik. Yeni quyuların sayı artırılmalıdır”, - deyə C.O’Liri əlavə edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
2023-cü ilin dekabr ayında SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə “Equinor” şirkətinə məxsus iştirak payının alınmasına dair saziş imzalanıb. İştirak payının alınmasına dair əqd bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.*
N.Abbasova