Azərbaycan prezidenti İlham Əliyev Bakı və Tbilisi arasında ikitərəfli münasibətlərin gələcəkdə inkişafına əmindir.
“Əminəm ki, sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Gürcüstan ənənəvi dostluğu, qarşılıqlı faydalı əməkdaşlığı və strateji tərəfdaşlığı ölkələrimizin rifahı, regionumuzun çiçəklənməsi naminə birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir”, - Əliyev İrakli Kobaxidzeyə Gürcüstanın baş naziri kimi fəaliyyətə başlamağı münasibətilə təbrik məktubunda qeyd edib.
Əliyev bildirib ki, Bakı tarixən bir-birinə dostluq və mehriban qonşuluq telləri ilə bağlı olan xalqlarımızın iradəsindən güc alan Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi əhəmiyyət verir.
“Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın dinamik və hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi və yeni məzmun kəsb etməsi bizi sevindirir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının əmin-amanlığı və firavanlığı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”, - Əliyev vurğulayıb. **
X.Nəsirzadə