2024-cü ilin yanvar ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi olan “ADY Express” şirkəti tərəfindən daşınan yüklərin həcmi 453,621 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31% çoxdur.
“Yük daşımalarında artımı həm tranzit, həm də idxal-ixrac rejimində nəql olunan yüklərə aiddir. Artımı şərtləndirən əsas amillərdən biri də Azərbaycan ərazisindən tranzit daşımaların artmasıdır. Belə ki, 2024-cü ilin yanvarında “ADY Express” tərəfindən həyata keçirilən tranzit yükdaşımaların həcmi 280,838 min ton (artım 17%) təşkil edib”, - deyə şirkətdən bildirilib.
Tranzit yüklərin əsas hissəsi Azərbaycan ərazisindən keçən Orta Dəhliz vasitəsilə daşınıb. Orta Dəhliz artıq Şərq və Qərb arasında beynəlxalq daşımalarda əsas tranzit miarşrutlardan birinə çevrilir.
“Bu dəhliz Çin və Mərkəzi Asiya ölkələrindən Avropaya və əks istiqamətdə yüklərin sürətli və səmərəli daşınmasını təmin edərək, Azərbaycanı bu marşrut üzrə əsas tranzit qovşağına çevirir”, - deyə məlumatda qeyd olunub.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizin bir hissəsidir.*
N.Abbasova