2023-cü ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri (BTC) ilə 30 milyon ton (təxminən 227 milyon barel) neft və kondensat nəql edilib ki, bu da 2022-ci ilin göstəricisinə uyğundur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BTC Co” şirkətinin (BTC neft kəmərinin tikintisi və istismarı üzrə operator) mətbuat xidmətindən məlumat verilib.
“2023-cü ildə Ceyhan terminalından 313 tanker yola salınıb. İstismara verildiyi 2006-cı il iyunun 4-dən 2023-cü ilin sonunadək BTC boru kəməri vasitəsilə ümumilikdə 561 milyon ton neft (4,2 milyard barel) nəql edilib və Ceyhanda 5557 tankerə yüklənərək dünya bazarlarına göndərilib”, - deyə şirkətdən bildirilib.
“BTC Co”nun məlumatına görə, 2023-cü ildə şirkətin BTC layihəsi üzrə xərcləri 2022-ci illə müqayisədə 30,7% - $166 milyona qədər artıb.
Ötən il ərzində BTC üzrə əməliyyat xərclərinə $120 milyon (artım 1,2%), əsaslı xərclərə isə $46 milyon vəsait (artım 70,4%) yönəldilib.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri, xüsusilə Qazaxıstan və Türkmənistanın, eləcə də SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri də nəql olunur.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 248 km-i Gürcüstan, 1077 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon barel neft təşkil edir.
“BTC Co.”nun səhmdarları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və “ONGCVidesh” (2,36%) şirkətləridir. 2023-cü ilin dekabr ayında SOCAR tərəfindən BTC layihəsi üzrə “Equinor” şirkətinə məxsus iştirak payının alınmasına dair saziş imzalanıb. İştirak payının alınmasına dair əqd tərəflərin bir sıra öhdəlikləri yerinə yetirməsindən sonra başa çatmış hesab olunacaq.*
N.Abbasova