Avropa Şurasının çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin qiymətləndirilməsi üzrə ekspertlər komitəsi (MONEYVAL) fevralın 12-də Azərbaycanla bağlı qiymətləndirmə hesabatı (V raund üzrə) dərc edib. Hesabatda Avropa Şurası ölkə hakimiyyətini çirkli pulların yuyulması, terrorizmin və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsini davam etdirməyə çağırıb.
“Bu gün dərc olunmuş yeni hesabatda MONEYVAL Azərbaycan hakimiyyətini çirkli pulların yuyulması, terrorçuluğun və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərini daha da gücləndirməyə çağırır”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Avropa Şurasının saytında yerləşdirilmiş məlumata istinadən bildirib.
Hesabatda ölkənin çirkli pulların yuyulmasına qarşı maliyyə tədbirləri üzrə işçi qrup (FATF) tərəfindən hazırlanmış standartlara əməl etməsi ilə bağlı kompleks qiymətləndirmə təqdim olunub.
Sənəddə deyilir ki, MONEYVAL-ın Azərbaycanı sonuncu dəfə qiymətləndirdiyi 2014-cü ildən bu günədək ölkə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üçün öz hüquqi və institusional bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər görüb və çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin elementlərini tətbiq etməyə başlayıb.
MONEYVAL qeyd edir ki, Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə əhəmiyyətli səmərəliliyə nail olub və hakimiyyət terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayətləri uğurla araşdırmaq bacarığını nümayiş etdirib.
Beynəlxalq əməkdaşlığa gəlincə, Azərbaycan əhəmiyyətli səmərəlililiyə nail olub və hökumətin konstruktiv yardım göstərmək və yardım almaq üçün müraciət etmək qabiliyyətinə görə yüksək qiymətləndirilib.
Bununla yanaşı, MONEYVAL-ın ekspertləri qeyd edirlər ki, çirkli pulların yuyulmasına görə səmərəli araşdırmanın və məhkəmə təqibinin həyata keçirilməsi üçün ciddi təkmilləşdirmələr aparılmalı, araşdırma və məhkəmə təqiblərində daha çox ardıcıllığın təmin edilməsi üçün əlavə tədbirlər görülməlidir. Hesabatda digər tövsiyələr də yer alır.
Azərbaycan 2025-ci ilin dekabr ayında çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin möhkəmləndirilməsində irəliləyişlə bağlı hesabat təqdim edəcək.
2018-ci il dekabr ayının 5-də MONEYVAL Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində IV raund qiymətləndirilməsi üzrə hesabatını dinləyib. Hesabatda MONEYVAL-ın tövsiyələrinin Azərbaycan Respublikası tərəfindən müvəffəqiyyətlə yerinə yetirildiyi qeyd edilib. Həmçinin ölkədə bu sahədə aparılmış islahatlar da yüksək dəyərləndirilib. Beləliklə, Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə fəaliyyətinə yüksək qiymət verilib.*
R.Kərimov