İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi və ali mandatınızın icrasında xoş arzularımı çatdırmaq istəyirəm. Roma və Bakı dərin dostluq və qarşılıqlı əməkdaşlıq sahələrinin getdikcə daha da genişləndirilməsinə yönəlmiş, ümumi öhdəliklə möhkəmləndirilmiş həqiqətən də strateji və çoxşaxəli tərəfdaşlığa malikdir”, - deyə Azərbaycan liderinin saytında dərc olunmuş təbrikdə bildirilib.
Mattarella vurğulayıb: “İnanıram ki, kəskin şəkildə şiddətli münaqişələr və narahatedici gərginliklə səciyyələnən bir mərhələdə prinsipial əhəmiyyətə malik kəsişmə nöqtəsi olan bütün Qafqaz regionu üçün sülh, sabitlik və firavanlıq perspektivlərinin təşviqi üzrə birgə işi davam etdirə biləcəyik. Azərbaycan ilə Avropa İttifaqı arasında konstruktiv etimadın və əməkdaşlıq əlaqələrinin inkişafı bu yolun tərkib hissəsidir və İtaliya bunun üçün hərtərəfli dəstəyini əsirgəməyəcək”.*
B.Rüstəmbəyov