Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlunun Ermənistan silahlı qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində yaralanması faktı ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda cinayət işi açılıb. Bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
“Qubadlı hərbi prokurorluğunun işçiləri tərəfindən hadisə ilə bağlı izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib və digər hərəkətlər icra edilib”, - deyə məlumatda bildirilib.
Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
“Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, fevralın 12-si saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.*
N.Abbasova