Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) fevralın 12-də Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə Azərbaycan sərhədçilərinin mövqelərini atəşə tutmasını hərbi təxribat adlandırıb.
“Fevralın 12-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatı nəticəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Ermənistan tərəfinin bu təxribatı Azərbaycan-Ermənistan arasında sülh prosesinə ciddi zərbədir”, - deyə XİN-in açıqlamasında bildirilir.
XİN vurğulayır ki, son 4-5 ay ərzində sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan olunan sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil edir.
“Eyni zamanda, bu kimi təxribatın məhz Ermənistandakı Avropa İttifaqı Missiyasının müşahidə həyata keçirdiyi ərazidən baş verməsi bu missiyanın məqsəd və məramlarına dair ciddi suallar yaradır”, - deyə açıqlamada qeyd olunur.
XİN bildirib ki, Azərbaycana qarşı baş verən bu kimi təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.*
N.Abbasova