BP-nin Azərbaycandakı layihələri üzrə podratçı şirkətlər 2023-cü ildə $1 milyard 546,4 milyon məbləğində sifariş yerinə yetiriblər ki, bu da 2022-ci ilin göstəricisindən 11,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“Bu məbləğdən $712,7 milyon dəyərində sifariş 14 birgə müəssisə, $45,3 milyon dəyərində sifariş 27 dövlət müəssisəsi, $398,5 milyon dəyərində sifariş 245 kiçik və orta müəssisə, $389,9 milyon dəyərində sifariş isə BP şirkətinin Azərbaycandakı layihələri üzrə işləyən 96 xarici şirkət tərəfindən yerinə yetirilib”, - mətbuat xidmətindən bildirilib.
2023-cü ildə “BP-Azerbaijan” və onun əməliyyatçısı olduğu layihələrdəki tərəfdaşları sosial layihələrin həyata keçirilməsinə birlikdə və ayrı-ayrılıqda $2,9 milyon məbləğində investisiya qoyub.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO şirkətləridir (19%).
BTC layihəsinin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və “ONGCVidesh” (2,36%) şirkətləridir.
2023-cü ilin dekabr ayında SOCAR tərəfindən BTC layihəsi üzrə “Equinor” şirkətinə məxsus iştirak payının alınmasına dair saziş imzalanıb. İştirak payının alınmasına dair əqd tərəflərin bir sıra öhdəlikləri yerinə yetirməsindən sonra başa çatmış hesab olunacaq.
N.Abbasova