Azərbaycan 19-20 sentyabr 2023-cü ildə Qarabağ regionunda həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra 173 nəfərin meyitini Ermənistana təhvil verib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir.
Qeyd olunub ki, 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsindən sonra 1713 nəfərin, 12-14 sentyabr 2022-ci ildə Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş hərbi münaqişədən sonra 157 nəfərin meyiti İrəvana təhvil verilib.
Dövlət Komissiyasında qeyd ediblər ki, Birinci Qarabağ müharibəsində 3890 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb və 1 yanvar 2024-cü il tarixə olan məlumata əsasən onlardan yalnız 25 nəfərinin qalıqları eyniləşdirilib.
Əlavə olunub ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlının taleyi Azərbaycan cəmiyyətini ötən müddət ərzində daha ciddi narahat edir. “Belə ki, 1998-2001-ci illərdə daxil olmuş məlumatlara əsasən, Birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş həmin 54 Azərbaycan vətəndaşına Ermənistan Respublikasındakı və vaxtilə işğal altında olmuş Azərbaycan Respublikasının ərazilərindəki saxlanma yerlərində BQXK tərəfindən baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olublar. Lakin sonradan onlardan 17 nəfərinin meyiti Azərbaycana təhvil verilib, 4 nəfərin sonrakı taleyinə aydınlıq gətirmək mümkün olmayıb, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb”, - məlumatda deyilir.
Dövlət Komissiyası itkin düşmüş soydaşlarımızın dəfn yerlərinin axtarışı prosesinə kütləvi məzarlıqların yerləri barədə kifayət qədər məlumatlara malik və 1994-cü ilədək Ermənistan tərəfindən döyüş əməliyyatlarına rəhbərlik etmiş səhra komandirlərinin və digər səlahiyyətli şəxslərin cəlb edilməsini zəruri hesab edir.
“Dövlət Komissiyası olaraq, hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistan Respublikasının müvafiq strukturları ilə dəqiqlik, şəffaflıq prinsiplərinə riayət edilməklə və qarşılıqlı etimad mühitində əməkdaşlığa hazır olduğumuzu bir daha bəyan edirik”,- məlumatda bildirilir. **
R.Kərimov