2024-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4 milyard 493,8 milyon manatlıq istehlak malları satılıb ki, bu da 2023-ci ilin eyni dövrü ilə müqayisədə 3,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə istehlakçılara 2,483 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (2023-cü ilin yanvar ayı ilə müqayisədə artım 2,1%), 2 milyard manatlıq qeyri-ərzaq malları (artım 5%) satılıb.
Bu dövrdə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9%-i ərzaq məhsullarının, 5%-i içkilər və tütün məmulatlarının, 14,3%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5%-i avtomobil benzini və dizel yanacağının, 4,6%-i elektrik malları və mebellərin, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2023-cü ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,6%, fərdi sahibkarlar üzrə 4,2%, bazar və yarmarkalarda 2,7% artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 242,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 199 manatlıq qeyri-ərzaq malları alıb.
2023-cü ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 3,7% artırıb.**
B.Rüstəmbəyov