Bakıda məhkəmə 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədov barəsində həbs qətimkan tədbiri seçib. Bu barədə çərşənbə günü Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilir.
“Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onun (Əhmədovun - İF) barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib”, - məlumatda deyilir.
Qeyd olunub ki, Əhmədov qətli törətməkdə şübhəli şəxs qismində saxlanılıb.
Fakt üzrə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci maddələri (iki və ya daha çox şəxsi öldürmə) ilə cinayət işi başlanılıb. **
R.Kərimov