2024-cü ilin yanvar ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 2 milyon 486,1 min ton neft nəql edilib ki, bu da 2023-cü ilin yanvar ayının göstəricisindən 1,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvarda Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunan neftin ümumi həcminin 76%-i BTC ilə daşınıb.
BTC kəməri ilə nəql edilmiş neftin 82,7%-ni və ya 2 milyon 55,3 min tonunu (azalma 5% - İF) Azərbaycanda hasil edilən neft, 17,3%-ni və ya 430,8 min tonunu (artım 16,2% - İF) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Xəbər verildiyi kimi, 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 30 milyon 191,6 min ton neft nəql edilib ki, bu da 2022-ci ilin göstəricisindən 1,5% çoxdur. BTC kəməri ilə nəql edilmiş neftin 17,4%-ni və ya 5 milyon 240,7 min tonunu (artım 2,7% - İF) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Xəzər dənizi regionunun digər ölkələrinin nefti BTC boru kəməri ilə nəql olunur.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və “ONGCVidesh” (2,36%) şirkətləridir. 2023-cü ilin dekabr ayında Equinor BTC layihəsində payının SOCAR-a satılmasına dair saziş imzalayıb. Sövdələşmə tərəflər bir sıra öhdəliklərini yerinə yetirdikdən sonra tamamlanmış hesab olunacaq. **
N.Abbasova