Çərşənbə günü Azərbaycan Respublikasının xarici işlər naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev görüş zamanı Bakı ilə İrəvan arasında sülh prosesinin perspektivlərini, həmçinin regiondakı vəziyyəti müzakirə ediblər. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
“Görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar, eləcə də regional məsələlər müzakirə olunub”, - məlumatda deyilir.
Bildirilir ki, “Ermənistanın Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən son hərbi təxribatlarının son aylarda hökm sürən sabitliyə və ümumilikdə Azərbaycan-Ermənistan normallaşma prosesinə zərbə vurmaq məqsədi daşıdığı” diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **
R.Kərimov