Azərbaycan prezidenti İlham Əlieyv bəyan edib ki, ölkənin prioritetlərindn biri Ordunun gücləndirilməsidir.
“Hesab edirəm ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı və mən müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözlərimi demişdim. Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı (2023-cü ilin sentyabrında - İF) bunun bariz nümunəsidir”, - Əliyev çərşənbə günü inaqurasiyada nitqində bildirib.
Dövlət başçısı vurğulayıb ki, bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır.
“Lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz”, - prezident deyib.
Həmçinin, Əliyev fevralın 12-də şərti sərhəddə Ermənistanın törətdiyi təxribatı şərh edib. “Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha onlara və əsasən onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz. Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır”, - Əliyev bəyan edib.
Dövlət başçısı əlavə edib ki, Azərbaycanın Ermənistan ərazisinə iddiası yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər.“Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür”, - Azərbaycan lideri vurğulayıb. **
B.Rüstəmbəyov