Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı Ermənistanla münasibətlərin normallaşması prosesində vasitəçilərə ehtiyac duymur.
“Bizə bu məsələdə vasitəçi lazım deyil. Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik”, - Əliyev çərşənbə günü andiçmə mərasimində nitqində bildirib.
Onun sözlərinə görə, Ermənistanla sülh müqaviləsinin imzalanmasının təşəbbüskarı məhz Azərbaycan olub. “Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək”, - o qeyd edib.
Əliyev vurğulayıb ki, Azərbaycan “qarşımızda duran çağırışlara” hazır olmalıdır.
Prezident vurğulayıb ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir.“Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun. Ona görə mən bu mövzuya, ümumiyyətlə, çox vaxt ayırmaq istəmirəm, çünki buna dəyməz. Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!”, - Əliyev əlavə edib. **
B.Rüstəmbəyov