Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, bu günə qədər Qarabağ və Şərqi Zəngəzura təxminən 5,4 min keçmiş köçkün göndərilib, 2024-cü ildə 20 min nəfərin qayıdışı planlaşdırılır.
«Keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir. Bu günə qədər təxminən 5,4 min keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib”, - Əliyev çərşənbə günü inaqurasiya mərasimində çıxışında bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə ən azı 20 yaşayış məntəqəsinə - 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkün qayıdacaq. “Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır”, - Əliyev vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Böyük Qayıdış proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatacaq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq.
Prezident vurğulayıb ki,Qarabağ və Şərqi Zəngəzurda bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar tikilir. “130-dan çox tunel və körpü, - 40 tunel və 90 körpü, - inşa edilir. Yəni, bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq. Tarixi şəhərlərimizin tarixi siması bərpa ediləcək”, - Əliyev qeyd edib.
“Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir. Onu da nəzərə almalıyıq ki, mənfur düşmən bizim ərazilərimizi minalayıb və 300-dən çox insan artıq həyatını, ya da ki, öz sağlamlığını itirib. Əfsuslar olsun ki, biz hər həftə belə ağır xəbərləri eşidirik”, - o deyib.
Əliyev əlavə edib ki, azad edilmiş ərazilərdə minalardan təmizləmə prosesi gedir, 120 min hektar artıq təmizlənib. **
X.Nəsirzadə