2023-cü ildə Azərbaycan əhalisinin sayı 53 min 625 nəfər və ya 0,5% artaraq 2024-cü il yanvarın 1-nə 10 milyon 180,77 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 54,5%-i şəhər, 45,4%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%-ni qadınlar təşkil edir.
Bu ilin əvvəlinə əhalinin 4,6%-i Naxçıvan Muxtar Respublikasında, 23%-i Bakı şəhərində, 9,2%-i Lənkəran-Astara, 8,6%-i Abşeron-Xızı, 7,3%-i Qarabağ, 7,1%-i Mərkəzi Aran, 6,7%-i Qazax-Tovuz, 6,1%-i Şəki-Zaqatala, 5,9%-i Gəncə-Daşkəsən, 5,4%-i Quba-Xaçmaz, 5,1%-i Mil-Muğan, 4,9%-i Şirvan-Salyan, 3,1%-i Dağlıq Şirvan, 3%-i Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb.
2023-cü ildə ölkə üzrə 112 min 620 doğulan körpə (azalma 8,3%) qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 11,1 təşkil edib. Körpələrin 3,41 mini əkiz, 147-si üçəm, 4-ü isə dördəm olub.
Bu dövrdə 60 min 150 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 5,9 (2022-ci ildə 6 - İF) təşkil edib.
2023-cü ildə ölkədə qeydiyyat şöbələri tərəfindən 54,2 min nikah (2022-ci illə müqayisədə azalma 12,5%) və 21,688 min boşanma halı (artım 35,7%) qeydə alınıb.
Hesabat dövründə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 3,638 min nəfər gələn və 2,483 min nəfər ölkədən gedən qeydə alınıb.*
X.Nəsirzadə