“Azərenerji” ASC 2024-cü ildə Laçın rayonunda 5 su elektrik stansiyası (SES) istismara verməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
“Yaşıl enerji strategiyasına uyğun olaraq Laçın rayonunda 9 yerdə su elektrik stansiyaları yaradılıb və yaradılmaqdadır. Bu günə kimi Laçın rayonunda istismara verilmiş 4 su elektrik stansiyasında 77 milyon kilovatsaatdan artıq ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal edilib”, - deyə məlumatda bildirilir.
Xüsusilə Laçın rayonunda 8,25 meqavat gücündə “Mişni”, 8 meqavat gücündə “Güləbird”, 6 meqavat gücündə “Alxaslı” su elektrik stansiyaları yenidən qurularaq istismara verilib, 4 meqavat gücündə “Sus” su elektrik stansiyası bərpa edilib.
“Stansiyalarda Avropa istehsalı olan eko-turbinlər quraşdırılıb. 77 milyon kilovatsaat yaşıl enerjinin istehsal edilməsi ilə 18 milyon kubmetr qaza və milyonlarla manat vəsaitə qənaət edilib və 32 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb”, - deyə “Azərenerji”dən vurğulanıb.
Hazırda Laçın rayonunda ümumi gücü 40 meqavatdan artıq olan daha 5 su elektrik stansiyasının tikintisi davam edir.
“Artıq 14,25 meqavat gücündə “Ağbulaq” SES-də işlər tamamilə yekunlaşıb. 14,7 meqavat gücündə “Ağbulaq-2”, 4 meqavat gücündə “Qaraqışlaq”, 3,5 meqavat gücündə “Mirik” və 2,8 meqavat gücündə “Zabux” su elektrik stansiyalarında tikinti işləri başa çatıb və hazırda quraşdırma və sazlama işləri həyata keçirilir. Bu 5 su elektrik stansiyasının da 2024-cü ildə istismara verilməsi planlaşdırılır”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova