Mayda Əmmanda Azərbaycan-İordaniya ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayevin İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Ömər Bərəkət əl-Nahar ilə görüşündə məlumat verilib.
“Görüşdə Y.Abdullayev ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin potensialının effektiv reallaşdırılması, o cümlədən İordaniyanın təklif etdiyi ticarət və investisiya imkanlarının araşdırılması məqsədilə agentliyin nümayəndələrinin ölkəyə işgüzar səfərinin planlaşdırıldığını bildirib”, - deyə AZPROMO-nun məlumatında bildirilir.
Diqqətə çatdırılıb ki, səfər zamanı qurulacaq birbaşa əlaqələr və aparılacaq məlumat mübadiləsi cari ilin may ayında keçirilməsi gözlənilən ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasının səmərəli işi üçün möhkəm zəmin yaradacaq.
Səfir ölkələrimizin ikitərəfli iqtisadi əlaqələrini tənzimləyən sazişlərin yenilənməsinin zərurətini qeyd edərək, İordaniyada investisiya və ticarət fəaliyyətinin həyat keçirilməsinin açdığı fürsətlər haqqında danışıb.
O qeyd edib ki, Avropa İttifaqı, ABŞ və Kanada ilə azad ticarət müqavilələri mövcud olan İordaniya Azərbaycan sahibkarları üçün ölkədə birgə müəssisələrin yaradılması və daha sonra sözügedən bazarlara ixrac edilməsi baxımından geniş imkanlar vəd edir.
Bununla yanaşı, iordaniyalı sahibkarların da Azərbaycanın qonşu ölkələrlə mövcud əlverişli ikitərəfli ticarət qanunvericiliyindən istifadə edərək MDB bazarlarına çıxışı perspektivləri vurğulanıb.
“Görüşdə Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində birgə biznes forumun keçirilməsi, eləcə də ikitərəfli işgüzar əlaqələrin intensivləşdirilməsi üçün birbaşa uçuşların həyata keçirilməsi təklifləri də müsbət qiymətləndirilib”, - deyə AZPROMO-dan vurğulanıb.*
B.Rüstəmbəyov